loading...
loading...
Çàãðóçêà...

Yeni il süfrəsi bir ailəyə neçəyə başa gəlir? – QİYMƏTLƏR - REPORTAJ

Yeni il süfrəsi bir ailəyə neçəyə başa gəlir? – QİYMƏTLƏR - REPORTAJ
Yeni ilə qədəm qoymağımıza sayılı günlər qalır. Artıq əksər evlərdə yeni illə bağlı hazırlıqlara başlanılıb. Pəncərələrdən boylanan Şaxta baba, Qar qız rəsmləri, yanıb-sönən işıqlar bunun bariz nümunəsidir. Yaşı irəliləmiş böyüklər nə qədər desələr ki, "eh, əvvəlki bayramların dadı başqa idi”, amma azyaşlılar elə eyni həyəcanla bayrama hazırlaşırlar. Şaxta babaya maraqlı açıqcalar, məktublar yazan kim, rəngli kağızlardan müxtəlif fiqurlar hazırlayan kim...

Hə, bir də yolkanı bəzəmək var axı. Balaca Lalə anasının əlindən bərk-bərk yapışaraq, 28 May metro stansiyasının yaxınlığında quraşdırılmış Yeni il yarmarkasına daxil olur.

Dərhal da oyuncaqların arasından balaca bir Qar qız fiqurunu əlinə alıb sevinclə qışqırır. Tapdım, ay ana, mən bunu istəyirəm. Gör saçları necə uzundur... Bir də bunu, bir də bunu... O, bəzəkli oyuncaqlar, yolka zərləri olan piştaxtaların arasında ora bura qaçır...

Maraqlıdır, görəsən bayrama hazırlıq büdcəmizə neçəyə başa gələcək? 

Öyrənirik ki, burada satılan yeni il hədiyyələri, yolkalar, müxtəlif fiqurlar, oyuncaqlar, digər mağazalarda satılanlardan ucuzdur. Məsələn, alış-veriş edən orta yaşlı bir xanım deyir ki, burada olan 12 manatlıq ağ yolka, o biri küçədəki bir mağazada 18 manata təklif edilir.



Yolka üçün oyuncaqların 30 ədədi 9 manat 80 qəpikdir. Həmçinin, sayından, formasından asılı olaraq 2 manata, 4 manata, 6 manata da oyuncaqlar mövcuddur.

Diqqət etdik ki, 2018-ci ilin it il olması səbəbindən həmin heyvanın fiquruna maraq daha çoxdur. Burada ən müxtəlif it fiqurları var. Mahnı oxuyan it oyuncağı 4 manata, oxuya-oxuya yeriyəni isə 8 manata təklif edilir.


Üzərində 2018-ci il yazılmış Şaxta baba papaqları 2 manatdır.


Yox, əgər bütöv Şaxta baba paltarı almaq istəyirsənsə, bu zaman bəzi məqamlara diqqət etməlisən.


Babasına Şaxta baba paltarı aldırmaq istəyən balaca oğlan əli ilə göstərir ki, bax, mən o paltarı istəyirəm. Babası isə deyir ki, yox, o birisi Şaxta baba paltarını alacaq. Bu zaman uşaq küsüb çadırdan çıxmaq istəyir və deyir ki, mən onu istəmirəm, axı onun üstündə işıqlar yanıb-sönmür...


Bəs əslində məsələ nə yerdədir? Satıcı yaşanan fikir ayrılığına belə aydınlıq gətirir. Babanın almaq istədiyi Şaxta baba paltarı parçasının keyfiyyəti baxımından uşağın təkidlə istədiyindən daha yaxşıdır. Buna görə də aralarında qiymət fərqi də var. Belə ki, balaca Şaxta baba paltarları 5 və 10 manat, həmçinin böyüklər üçün olan Şaxta baba paltarları 30-40 manata satılır. 

Cürbəcür heyvan fiqurlarında olan əyləncə (balo) paltarları da 10 manata verilir.

Hədiyyə paketlərinin özü bir manata. İçində bir peçenye, bir şokolad, bir neçə şar və xoruz fiqurlu konfet olan hədiyyə varsa, 3 manata satılır. 

Gələk əsas məsələyə. Yəni yolkaların qiymətinə. Satıcı deyir ki, 1 metr 80 santimetr olan yolkanı onlar 75 manata satırlar. Amma həmin yolkalar adi bazarda 90 manatdan aşağı deyil. Ümumiyyətlə, burada hər cür yolka var - ağ, yaşıl, bəzəkli. Kiçik, orta boylu və böyük. Hərəsinin də öz qiyməti - 6-12-25-50-70 manat. Satıcının sözlərinə əsasən, bu il alıcılar tərəfindən ağ yolkalara maraq daha çoxdur.

Yolkaları bəzəyən zərlər 70 qəpik 3 manat arasındadır. Maral fiqurları 12 manat, şamlar 7 manatdır.



Şaxta baba fiqurlarının da qiymətini öyrənirik. Ən bahalısı və böyüyü 70 manata təklif olunur. O, əlindəki zərli dəyənəyi yelləyir, eyni zamanda məşhur "Chingle bells” mahnısını da səsləndirə bilir. Hələ nağara çalan Şaxta babalar da var ki, onların qiyməti 15 manatdır.



Baxdıq ki, artıq satışda Şaxta baba səbəti də var. Yaşıl budaqlarla bəzənmiş səbətin ortasına Şaxta baba fiquru yerləşdirilib və zərli bir sellofana bükülüb. Qiyməti isə 35 manatdır. Bir xanım həmin səbəti almaq istədiyini bildirdi. Amma 20 manat ödəyə bilər. Nəhayət, 25 manata razılaşdılar və xanım səbəti qucağına alaraq razılıqla yarmarkanı tərk etdi.


Bəs görəsən bayram süfrəsini hazırlamaq bir ailəyə neçəyə başa gələcək? Bunu öyrənmək üçün Koroğlu metro stansiyasının yaxınlığındakı bazar məhsulları yarmarkasına baş çəkirik.


"Gəl, ay müştəri...”


Müşahidələrimiz nəticəsində məlum oldu ki, alıcılar qiymətlərdən elə də narazı deyil. Səbinə adlı orta yaşlı bir xanım süfrə üçün çərəz almağa gəlib. O, əlindəki sellofanda fındıq, qoz, badam, fıstıq ləpəsini göstərir: "Hərəsindən bir kilo almışam. Fındığı, qozu 12 manata, badamı 18, fıstığı isə 6 manata. Amma marketlərdə, o biri bazarlarda ləpəni bu qiymətə tapmaq olmur. 18 manatdan aşağı qoz, fındıq ləpəsi yoxdur”.

Qeyd edək ki, yarmarkada qabıqlı qoz və fındığın, eləcə də kişmişin qiyməti 6 manat, badam 10 manat, şabalıd isə 6-8 manat arasındadır.

Meyvə-tərəvəzlər isə aşağıdakı qiymətlərədir:

Xurma - 1.20

Portağal - 2 manat

Naringi - 1 manat

Armud – 2.30

Nar - 2 manat

Alma – 50 qəpik - 1-1.30 

Heyva - 1 – 1.50

Kivi - 1 – 1.50

Banan – 2.80 - 3 manat

Kartof – 50 – 80 qəpik

Soğan – 60 - 90 qəpik

Kök – 80 qəpik

Kələm – 30-50 qəpik

Çuğundur – 70 qəpik

Göyərti – 18 qəpik


Yarmarkanı gəzirik. Diqqətimizi nar alan bir qadınla satıcının dialoqu çəkir.


- Ay xala, vallah düz çəkmişəm, mənim tərəzim səhv deyil.

- Mən bazardan nəsə alanda mütləq öz tərəzimlə çəkib alıram.


Xalanın bazar çantasından çıxardığı əl tərəzisi ilə narı çəkməyinə elə satıcının özü qədər həyəcanla tamaşa edirik. Və nəticə: Tərəzinin əqrəbi 2 kiloqramı göstərən xəttin üzərində dayanır.

Hər şey qaydasında idi və bu nəticəyə çox sevinən satıcı əlindəki əlavə narı da sellofana qoyub gülə-gülə xalaya verir.



- Ay xala, mənim ürəyim qızıldır ey, heç tərəzi olmasa da, əlimlə yığıram və çəki düppədüz olur.



Artıq hava əməlli başlı qaralır. Əlləri bazarlıq çantaları ilə dolu insanlar da öz evlərinə tələsirlər.





Bir neçə marketə də baş çəkirik və bayram süfrəsi üçün vacib olan ərzaqların qiyməti ilə də maraqlanırıq.



Qiymətlər aşağıdakı kimidir:



1 kq düyü – 3 – 3.40

1 kq kərə yağ – 15.80 - 17.45 

1 lt duru yağ – 1.50 - 6.50

Mayonez – 2.20 - 2.80

Konservləşdirilmiş yaşıl noxud – 1.50 - 2.40

Smetan – 2.20

1 kq mal əti – 10 - 10.50

1 kq quzu əti – 10.50 - 12 manat

Konfet - 5.50 - 10 manat

Şokolad – 10 - 18 manat

1 kq tort – 10 manat

Meyvə şirələri – 1-2 manat

Cola, Fanta, Sprite, Pepsi – 90 qəpik – 1.30


Yeni il yeni arzular, yeni ümidlər, yeni istəklər deməkdir. İnanca görə bayram süfrəsinin bol olması qarşıdan gələn ilin bolluq içində keçməsinə bir işarədir. Biz də yuxarıda sadaladıqlarımızı təqribi bir şəkildə hesablayaraq belə bir nəticəyə gəldik ki, Yeni il bayramı üçün alış-veriş etmək və süfrələri bəzəmək üçün minimum 150-200 manat lazımdır. Süfrənizin hər zaman bol olması diləyi ilə...Ailem.az
loading...

Xəbər lenti

Загрузка...