loading...
Çàãðóçêà...

Eldar Əzizovun iki həftədə 2 nəfərin öldüyü “Grand Hospital”ından reportaj -Fotolar

Eldar Əzizovun iki həftədə 2 nəfərin öldüyü “Grand Hospital”ından reportaj -Fotolar
Yunis Cəfərov/AzEuroNews.com/ Bakı► ► ► "Grand Hospital” şəhərin Həsən Əliyev küçəsində yerləşir. Böyük, əzəmətli binası, müasir tibbi avadanlıqları, göz oxşayan tibb personalı, mühafizə xidməti, səliqəli, təmiz palataları, bir sözlə hər bir komfort şəraiti olan klinika otelə bənzəyir.

► Otel kimi morq

Amma bu mənzərənin təsviri tibbi xidmətin keyfiyyəti və pasientlərin qəbulu zamanı tələb olunan ödənişlərlə üst-üstə düşmür.

Təkcə 15 gün ərzində klinikada həkim səhlənkarlığından iki nəfər tələf olub və otelə bənzəyən klinika morqa, qəssabxanaya çevrilib. Odur ki, tibb ocağında olarkən bəzi müşahidələr aparmışıq.



AzEuroNews.com-un əməkdaşının məlumatına görə, fəaliyyətinin 3 ilində üç nəfərin öldüyü klinikaya gəlib-gedənlərin sayı azalıb.

Efirdə tez-tez reklam olunan "Grand Hospital” həkimlərinin əlində ölən xəstələrin xəbəri pasientlərin klinikaya inamını sarsıdıb.

Hazırda son iki həftədə baş verən iki ölüm işi üzrə klinika ilə bağlı cinayət içi açılıb və istintaq gedir. Bu da tibb müəssisəsinin fəaliyyətinə ciddi təsir edib.

Digər tərəfdən bu klinikada qiymətlər çox bahadır deyə vətəndaşlar başqa ünvanlara müraciət edirlər.

İlk növbədə isə ölüm hadisələri xəstəxanada məzarlıq ab-havası yaradıb və tək-tük xəstələrə rast gəlmək olar. Halbuki, pasientlər növbəyə düzülürdü.

► İki ölüm və həkimlər istintaq altında

Əməkdaşımız öyrənib ki, hazırda sözügedən klinikada dekabrın 19-da ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ölümü barədə istintaq gedir.

Onu əməliyyat edən həkimin fəaliyyəti istintaq müddətində qadağan olunub. Onun əməliyyatdan sonra öldüyü bildirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cəmi 14 gün əvvəl də "Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi. Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva "Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü. Beş gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi.


Əməliyyatı həyata keçirən invaziv radioloq İlqar Hüseynovun hadisədən özünü qismən günahkar bilsə də, sırf onun əməliyyat zamanı gözdəki damarın bağlanması üçün istifadə etdiyi alətin beyinə girməsi nəticəsində bədbəxt hadisə yaşanmışdı.

Gənc qızın ailəsi isə mətbuata şikayətində ölümdə günahı olanların cəzalandırılmasını tələb edir.

Lakin bir ay ərzində baş verən iki ölüm hadisəsi "Grand Hospital”da baş verən ilk belə hadisə deyil.
 
 

Belə ki, ötən ilin 24 iyununda qaraciyərində yaranmış problemə görə "Grand Hospital”a müraciət edən Zaur Ağayev xəstəxanada edilən ilkin müayinədən sonra vəfat etmişdi.

Müxbirimiz öyrənib ki, bu statistika klinikanın nüfuzunu və reytinqini yerdən yerə vurub.

Klinika rəhbərliyi qeyri-rəsmi şəkildə toplantı keçirib və iclasda vəziyyətdən çıxış yollarının müzakirə olunduğu deyilir.

► 70 milyon xərc və MTN işi

Əldə etdiyimiz xəbərə görə, "Grand Hospital” 2013-cü ildən fəaliyyətə başlayıb. O dövrdə”Bizim Yol” qəzeti yazmışdı ki, tibb ocağının gerçək sahibi hazırda Səbayel rayon icra başçısı Eldar Əzizovdur.

 

 Əvvəllər Gəncənin, sonra Sumqayıtın icra hakimi olmuş E.Əzizovun klinikaya 70 milyon xərc çəkdiyi yazılmışdı.

Amma tibb obyektinin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının keçmiş baş həkimi, adı MTN qalmaqalında çəkiləndən sonra vəzifəsindən gedən Asim Həsənovun nəzarətində olduğu iddia edilir.

Bu mövzuda cumhuriyyet.net yazmışdı. Xəbər portalı bildirirdi ki, Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir.

Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməkdədir. Eyni zamanda, A.Həsənov hər bir klinikada özünə yaxın xanım tibb işçiləri saxlayır və onun vastəsi ilə klinikada baş verən hadisələrdən anında xəbərdar olur.

A.Həsənovla MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələri və onların səhiyyə sistemində birgə fəaliyyətləri aşkarlanıb.

Tehran Babatov keçmiş MTN-də sabiq nazir Eldar Mahmudovun kadr məsələləri üzrə kassası idi və hər ay yüz minlərlə manat pul şəxsi heyyətdən toplanaraq onun vastəsi ilə nazirə ötürülürdü.

A.Həsənovun özəl səhiyyə sektorunda və eləcə də, Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında "at oynatması”, şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplaya bilməsi səbəbsiz deyilmiş…

P.S. Əməkdaşımız baş verənlərlə bağlı klinika rəhbərliyinin fikirlərini öyrənməyə cəhd edib, amma iş yerində olmadığı bildirilib. Qarşı tərəfi dinləməyə hazırıq.

 


loading...

Xəbər lenti